Helikobakter pilori 0,6×3,5 mikron ölçüsündə çubuqvari orqanizmdir, çox hərəkətlidir və yavaş çoxalır. Bəzən spiral, bəzən kürə formasında görülür. Helikobakter pilori mədədə qastrit törədən mikrobdur. 60 yaşdan yuxarı insanların təxminən 80%-də infeksiyasıyay rast gəlinir. Bu infeksiya bəzən şikayətlərə səbəb olmur.
Ümumiyyətlə, demək olar ki, hər 100 nəfərdən 70-i Helikobakter Pilori-yə yoluxur. İnkişaf etmiş ölkələrdə 10-50%, inkişaf etməkdə olan ölkələrdə isə 80% təşkil edir. Bunun əsas səbəbi sosial-iqtisadi fərqlərdir. Yüksək həyat və təhsil səviyyəsi və daha yaxşı sağlamlıq şəraiti yoluxma statistikasına təsir edir.
İnkişaf etməkdə olan ölkələrdə infeksiya adətən uşaqlıqdan meydana gəldiyi və həyat boyu davam etdiyi üçün yaşlı insanların böyük bir hissəsi Helikobakter Pilori infeksiyasının uzunmüddətli nəticələrini yaşayır. Mikroorqanizmin yayılma prosesi dəqiq bilinməsə də, onun insanlar arasında oral yolla keçdiyi güman edilir. Helikobakter pilori infeksiyası ilə bağlı şikayəti olmayan ailələr üzərində aparılan araşdırmalar göstərir ki, ailə üzvlərindən birində Helikobakter pilori infeksiyası varsa, uşaqlarının yoluxma ehtimalı müvafiq olaraq 40-70% civarındadır.
Əgər xəstənin mədə və ya onikibarmaq bağırsağında xora varsa, qanaxma olubsa, uzun müddət aspirin revmatizm dərmanına bənzər dərman qəbul edibsə, mədə xərçəngi ilə bağlı əməliyyat olubsa mütləq Helikobakter pilori infeksiyası üçün yoxlanılmalıdır. Antibiotik müalicəsi ilə pilori yox edilir.
Hər qarın ağrısı, şişkinlik və həzmsizlik bu infeksiya ilə əlaqəli olmur.
İnfeksiyaya yoluxma riskini artıran amillər hansılardır?
- İnkişaf etməkdə olan ölkələrdə anadan olmaq;
- Aşağı sosial-iqtisadi vəziyyət;
- Böyük ailələr və sıx yaşayış şəraiti;
- Sağlam olmayan yaşayış şəraiti;
- Çirkli qida və su istehlakı;
- İnfeksiyanı daşıyan insanların mədə tərkibinə məruz qalmaq (tibb işçiləri və həyat yoldaşları arasında ötürülmə);
Helikobakter pilori-nin əlaqəli olduğu xəstəliklər
Bu infeksiyanın əlaqəli olduğu xəstəliklər aşağıdakılardır:
- Müxtəlif mədə xəstəliklərinə, xüsusən də qastrit və xoralara səbəb ola bilər;
- Mədə və onikibarmaq bağırsaq xorasının inkişafı (17-20%);
- Mədə xərçənginin inkişafı (1-3%);
- Mədə limfa xərçənginin inkişafı (1-3%);
- Xroniki qastrit, atrofik qastrit və bağırsaq metaplaziyası;
- Ağrı, qaz, şişkinlik, ürəkbulanma, yeməkdən sonra toxluq hissi, gəyirmə və ağız qoxusu kimi dispeptik şikayətlər.
Diaqnostikasında istifadə olunan testlər
Endoskopiyanın (qastroskopiya) vacib olduğu xəstələrdə edoskopiya zamanı alınacaq toxuma nümunəsi (biopsiya) sürətli ureaza testi (CLO testi) və ya histopatoloji müayinə ilə araşdırılır və infeksiya olub-olmaması müəyyən edilir.
Endoskopiya tələb olunmursa, qanda bu bakteriyaya qarşı anticisimləri aşkar etmək üçün başqa bir üsul, Karbamid-Nəfəs Testi və ya seroloji testlər tətbiq oluna bilər.
Karbamid-nəfəs testinin aparılması üçün son bir ay ərzində antibiotik və ya mədə turşusunu azaldan dərman istifadə edilməməlidir.
Bunlardan başqa nəcis, tüpürcək və sidikdə H.pilori-yə qarşı anticisimlər aşkar edilərək infeksiyanın varlığı araşdırıla bilər. Bu məqsədlə istifadə edilən müxtəlif testlər aşağıda göstərilmişdir.
Helikobakter pilori müalicəsi
Mədədə Helikobakter pilori infeksiyası aşkar edilərsə, səbəb ola biləcək xəstəliklərə qarşı müalicə olunması tövsiyə olunur. Müalicə zamanı 7 və ya 14 gün ərzində mədə turşusunun ifrazını azaldan dərman və ən azı iki növ antibiotik qəbul edilir. Müalicə üçün heç bir pəhrizə ehtiyac yoxdur. Müvafiq müalicəyə baxmayaraq effektiv nəticə əldə etməyən xəstələrə fərqli müalicə kursları tətbiq edilməlidir. Müalicənin ciddi şəkildə tövsiyə olunduğu hallar:
- Peptik xora xəstəliyi
- MALToma
- Atrofik qastrit
- Mədə xərçəngi əməliyyatından sonra mədədə infeksiyanın qalması
- Birinci dərəcəli qohumunda mədə xərçəngi olan xəstələr
- Xəstənin öz istəyinə görə
- ITP (İdiopatik trombositopenik purpura)
Helikobakter pilori-nin müalicəsinin tövsiyə olunduğu hallar:
- Helikobakter pilori üçün müsbət olan funksional dispepsiya (ağrı, qaz, şişkinlik, ürəkbulanma, yeməkdən sonra doluluq hissi, gəyirmə və s. kimi əlamətlərlə özünü göstərən vəziyyət)
- Uzunmüddətli dərman müalicəsi tələb edən qastroezofageal xora xəstəliyi
- Aspirin və/və ya qeyri-steroid antirevmatik dərmanların uzunmüddətli istifadəsini tələb edən hallar
- Səbəbi bilinməyən dəmir çatışmazlığı anemiyası
- Funksional dispepsiya (NUD)
- Uzunmüddətli PPI terapiyası
- Uzunmüddətli NSAİİ terapiyası
- Ağız qoxusu (halitosis)