Öd kisəsi, qarnın sağ üst tərəfində yerləşən qaraciyərin altında və ona yapışıq, təxminən 7-8 sm uzunluğunda, 50ml həcmində bir orqandır. Təpəsindən aşağıya doğru daralaraq kiçik bir kanalla ana öd axarına bağlanır.
Qaraciyərdə istehsal olunan ödü qatılaşdırır və saxlayır (depolayır). Öd mayesi bir tərəfdən qaraciyərdən müxtəlif maddələrin xaric olmasını təmin edərkən, digər tərəfdən də müxtəlif qidaların həzm edilməsinə kömək edir.
Sağlam bir insanda gündə 1 litrə qədər öd istehsal edilərək ana öd axarı vasitəsilə onikibarmaq bağırsağa tökülür. İnsan ac olarkən öd mayesi öd kisəsində yığılır. Yemək yeyildikdə öd kisəsi yığılaraq ödü onikibarmaq bağırsağa boşaldır.
Öd kisəsi həyati bir orqan deyil. Onun olmaması insanda bir problem yaratmır. Öd, öd kisəsinə daxil olmadan ana öd axarı vasitəsilə birbaşa bağırsağa tökülə bilər. İltihab, daş, lil (palçıq) və s. səbəblərlə öd kisəsi əməliyyatla çıxarıldıqda həyati bir problem yaranmır.
Öd kisəsində daş nə üçün yaranır?
Öd kisəsinin ən çox rast gəlinən xəstəliyi öd kisəsi daşlarıdır. Kifayət qədər tez-tez rast gəlinir. Qadınlarda daha çoxdur. Ödün tərkibində başda xolesterol (xolesterin) və öd turşuları olmaqla bir çox kimyəvi maddə var.
Bu maddələrin ödün tərkibindəki nisbətlərində yaranan balanssızlıq, qatı bir maye olan öddə əvvəlcə qum, lil (palçıq), sonra isə daş yaranmasına səbəb olur. Öd kisəsi daşları Ultrasəs Müayinəsi (USM) ilə asanlıqla təsbit edilir.
Öd kisəmdə daş varsa, əməliyyat olmasam nə olar?
Öd kisəsi daşları illərlə heç bir şikayət yaratmadan səssiz qala bilər. Ancaq tez-tez bir axşam yeməyindən sonra qəfildən qarın ağrısı (adətən qarnın sağ-orta üst tərəfində, kürəyə və çiyinə yayılan), köp, həzmsizlik, mədədə qıcqırma, yanma, ürəkbulanma, qusma kimi ciddi simptomlara səbəb ola bilər.
Səbəbi kisə içindəki daşların öd kisəsi axarını tıxaması nəticəsində öd və davam edən selik ifrazı səbəbindən kisənin şişməsi (ödem) və divarının gərilməsi ilə yaranan ani kisə iltihabıdır (Kəskin Xolesistit).
Bu mənzərə ilə müraciət edən xəstədə qan analizləri və qarın USM-i aparılır. Kəskin xolesistit diaqnozu qoyulan xəstənin vaxt itirmədən müalicəsinə başlanmalıdır. Bu vəziyyət öd kisəsi əməliyyatını, xüsusilə qapalı əməliyyatı çətinləşdirir və ağırlaşma (fəsad) nisbətini artırır.
Müalicə gecikərsə, kisə divarının qidalanması pozular və çürümə (nekroz), ardınca da deşilmə (perforasiya) baş verə bilər. Nəticədə iltihab qarın içinə yayılaraq xəstənin həyatını təhdid edir.
Öd daşlarının kəskin xolesistitdən başqa daha az rast gəlinən, ancaq daha ciddi və müalicəsi çətin olan ağırlaşmaları var; daşın ana öd axarına düşməsi (Xoledoxolitiaz), ana öd axarına düşən daşın sarılıq və qızdırma ilə birlikdə ana öd axarının iltihabına (Kəskin xolangit) ya da mədəaltı vəzi axarını (pankreas kanalı) tıxayaraq mədəaltı vəzi iltihabı (Kəskin pankreatit) yaratması.
Nəticə etibarilə, xüsusilə yeməklərdən sonra həzmsizlik, köp, mədədə qıcqırma, yanma, qarın ağrısı şikayətləri olan və öd kisəsində daş təsbit edilən xəstələrin hər hansı bir ağırlaşma yaranmadan əvvəl əməliyyat olmaları tövsiyə edilir.
Öd kisəmdə polip var, nə etməliyəm?
Öd kisəsindəki polipin diametri 7-8 mm-dən çoxdursa və ya təqiblərdə polipdə böyümə varsa, xəstədə müəyyən şikayətlərə səbəb olarsa, əməliyyat tövsiyə edilir. Qapalı öd kisəsi əməliyyatı aparılır.
Öd kisəsi əməliyyatı
Öd kisəsi əməliyyatı, öd kisəsinin içindəkilərlə birlikdə cərrahi olaraq tamamilə çıxarılması prosesidir. Yalnız daşların çıxarılması kimi bir üsul yoxdur.
Öd kisəsi əməliyyatı günümüzdə geniş şəkildə qapalı üsulla (laparoskopik xolesistektomiya) aparılır.
Xəstənin qapalı üsulla əməliyyat olmasına maneə varsa, açıq əməliyyat edilə bilər. Ancaq hər bir xəstə üçün ilk üstünlük verilməli olan seçkin üsul laparoskopik (qapalı) öd kisəsi əməliyyatıdır.
Müasir dövrdə təkcə öd kisəsi deyil, eyni zamanda böyrəküstü vəzi, dalaq, piylənmə və reflüks əməliyyatları kimi bir çox əməliyyat artıq qapalı üsulla aparılır. Biz də müasir cərrahlar olaraq illərdir bu əməliyyatları qapalı üsulla edirik.
Xəstə üçün daha az travmatik olan qapalı üsulda xəstələr əməliyyatdan sonra daha az ağrı hiss edir, xəstəxanada daha qısa müddət qalır, yara izləri çox kiçik olur. Daha sürətli sağalan xəstələr qısa müddətdə işlərinə qayıdırlar.
Vacib Xəbərdarlıq: Bu məqalə yalnız məlumatlandırma məqsədi daşıyır və peşəkar tibbi məsləhəti, diaqnozu və ya müalicəni əvəz etmir.
