Qaraciyər biopsiyası nədir?
Qaraciyər biopsiyası, qaraciyərdən kiçik bir toxuma nümunəsinin götürülməsi prosedurudur. Hər hansı bir zədələnmə və ya xəstəlik şübhəsinə qarşı qaraciyərdən alınan nümunə patoloq tərəfindən müayinə edilir.
Qaraciyər funksional testləri və görüntüləmə müayinələrində qaraciyərlə bağlı bir problem aşkarlandıqda, həkimlər qaraciyər biopsiyası tövsiyə edə bilər.
Bundan əlavə, qaraciyər xəstəliyinin ciddiliyini müəyyən etmək üçün də biopsiya aparıla bilər. Biopsiyanın nəticəsinə əsasən müalicə bəzən ilk dəfə təyin oluna, bəzən də yenidən formalaşdırıla bilər.
Qaraciyər biopsiyası niyə aparılır?
Qan analizləri və görüntüləmə üsulları ilə müəyyən edilə bilməyən bir qaraciyər probleminin diaqnozu üçün, qaraciyər xəstəliyinin mərhələsini təyin etmək üçün, bəzi xəstəliklərdə müalicəni planlaşdırmaq üçün, qaraciyər xəstəliyi varsa və müalicə davam edirsə, müalicənin effektivliyini qiymətləndirmək üçün, qaraciyər transplantasiyasından sonra qaraciyəri izləmək üçün aparıla bilər.
Görüntüləmə müayinələrində qaraciyərdə kütlə və ya fərqli anomaliyalar varsa, təkrarlanan və səbəbi bilinməyən qızdırma varsa da qaraciyər biopsiyası aparıla bilər.
Bununla yanaşı, alkoqoldan asılı olmayan və ya alkoqolla əlaqəli qaraciyər piylənməsi, xroniki hepatit B və ya C, autoimmun hepatit, birincili biliar xolangit, birincili sklerozlaşdıran xolangit, hemokromatoz və Vilson xəstəliyində də diaqnoz və ya mərhələləndirmə məqsədilə qaraciyər biopsiyası aparıla bilər.
Qaraciyər Biopsiyası Nə Zaman Aparılır?
Qaraciyərdaxili kütlələrdə hədəfli biopsiya planlaşdırılmalıdır. Bu prosedur ultrasəs (USM) və ya kompüter tomoqrafiyası (KT) nəzarəti altında invaziv radiologiya mütəxəssisi tərəfindən aparılır. Yüksək dərəcəli piylənmə (obezite) olduqda kor biopsiya aparmaq mümkün olmaya bilər.
Qaraciyər biopsiyasından əvvəl və sonra həkimə hansı məlumatlar verilməlidir?
Həkimə mütləq allergiya vəziyyəti və digər xəstəliklər barədə məlumat verilməlidir. Əgər qandurulaşdırıcı, diabet dərmanları, iltihab əleyhinə dərmanlar, pəhriz əlavələri istifadə edilirsə, həkimə məlumat verilməlidir.
Qanın laxtalanmasına təsir edən və ya sakitləşdiricilərlə qarşılıqlı təsirdə olan dərmanların qəbulu müvəqqəti olaraq dayandırıla bilər. Bu səbəbdən həkimlərə dərmanlar barədə dəqiq və düzgün məlumat verilməlidir.
Qaraciyər biopsiyası necə aparılır?
Xəstə arxası üstə uzadılır. Biopsiyanın aparılacağı bölgə antiseptik məhlulla təmizlənir. Sonra biopsiya zamanı iynənin daxil olacağı nahiyəyə yerli anesteziya (keyitmə) tətbiq edilir. İynənin rahat daxil olması üçün biopsiyanın aparılacağı bölgədə kiçik bir kəsik edilir.
İynənin daxil olduğu və hərəkət etdiyi nöqtələr radioloji olaraq izlənilir. Görüntüləmə altında aparılan biopsiya olduqca təhlükəsizdir. İynə ilə qabırğalar arasından qaraciyərə daxil olunur və nümunə götürülür.
Qaraciyər Biopsiyası ilə Əlaqəli Risklər Hansılardır?
Qaraciyər biopsiyası təcrübəli bir həkim tərəfindən aparıldıqda olduqca təhlükəsiz bir prosedur sayılır. Lakin hər prosedurda olduğu kimi, kiçik də olsa bəzi risklər ola bilər. Qaraciyər biopsiyasından sonra xəstələrdə qabırğa bölgəsində və sağ çiyində ağrı ola bilər.
Bəzən də biopsiyadan sonra qanaxma baş verə bilər. Amma bu, aşağı riskdir. Nadir hallarda infeksiya riski mövcuddur. Çox nadir olaraq öd kisəsi və ya başqa bir daxili orqan zədələnə bilər. Prosedurdan dərhal əvvəl aparılan ultrasəs müayinəsi ilə bu risklər minimuma endirilir.
Əgər transyuqulyar biopsiya aparılıbsa, kateterin yerləşdirildiyi nahiyədə qan yığıla bilər ki, bu da ağrıya səbəb ola bilər. Bəzən bu prosedur sinirlərə təsir edə bilər. Bu da qısa müddətli olaraq göz qapağının sallanması kimi nəticələrə səbəb ola bilər.
Qaraciyər Biopsiyasından Sonra Nə Olur?
Qaraciyər biopsiyasından sonra biopsiya bölgəsində, bəzən də çiyin nahiyəsində ağrı ola bilər. Bu ağrı sadə ağrıkəsicilərlə nəzarət altına alına bilər. Prosedurdan sonra biopsiya aparılan, kəsik edilən yerə kompress qoyulur, xəstə istirahət etdirilir.
Qan təzyiqi və nəbz izlənilir. Lazım gələrsə, qanaxmanın olub-olmadığını yoxlamaq üçün kontrol ultrasəs müayinəsi və evə buraxılana qədər müəyyən fasilələrlə qan analizi aparıla bilər. Hər şey normaldırsa, xəstə evə buraxılır. Əgər biopsiya sedasiya (yuxu dərmanı) ilə aparılıbsa, xəstə təxminən 12 saat tək qalmamalıdır. Bu müddət ərzində avtomobil idarə etmək, mətbəx işləri görmək kimi fəaliyyətlər edilməməlidir. Biopsiyadan sonrakı iki gün ərzində dincəlmək, ağır yük qaldırmamaq vacibdir.
Qaraciyər biopsiyasının nəticələri necə şərh edilir?
Patoloqun verəcəyi rəyə əsasən, nəticələr həkim tərəfindən şərh edilərək xəstəyə məlumat verilir.
Qaraciyər biopsiyasının üstünlükləri nələrdir?
Qaraciyər biopsiyası qaraciyər xəstəliklərinə düzgün diaqnoz qoyulmasında böyük əhəmiyyətə malikdir. Prosedur yerli anesteziya ilə qısa müddətdə həyata keçirilir və alınan nəticələrə görə müalicə planı aydın şəkildə tərtib edilə bilir.
Qaraciyər biopsiyasının növləri hansılardır?
Perkutan (dəridənkeçmə), transyuqulyar və cərrahi biopsiya olmaqla üç növə ayrılır. Perkutan qaraciyər biopsiyası ilə qaraciyər toxumasından nümunə götürmək üçün iynə yeridilir. Uzun illərdir ki, rutin olaraq tətbiq edilir.
Xəstənin vəziyyətinə görə prosedurdan əvvəl və ya prosedur zamanı ultrasəs və ya KT ilə skan edilə bilər. Transyuqulyar biopsiyada isə boyunda yerləşən yaremsiz venaya (vena jugularis) bir iynə ilə daxil olunur və buradan damarlar vasitəsilə qaraciyərə çatılaraq nümunə götürülür.
Qarnında maye toplanan xəstələrdə perkutan əvəzinə transyuqulyar biopsiya tətbiq edilir. Cərrahi biopsiyada isə, əgər qaraciyər biopsiyasına ehtiyac varsa və xəstə fərqli səbəblərdən, məsələn, öd kisəsi əməliyyatı olursa, ümumi cərrah bu əməliyyat zamanı qaraciyər biopsiyası da apara bilər.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.