Alkoqola bağlı qaraciyər xəsəliyi zamanı əvvəlcə qaraciyər yağlanır, sonra alkoqol hepatit inkişaf edir, sonda isə sirroz əmələ gəlir. Bu xəstəliklər tək-tək və ya birlikdə görülə bilər. Xəstələrin şikayətləri və müayinə nəticələri xəstəliyin mərhələsindən asılı olaraq dəyişir. Bəzən təəssüf ki, sirroz yaranana qədər xəstələrdə heç bir şikayət və ya əlamət olmur. Buna görə də alkoqol vərdişi olan insanların vaxtaşırı müayinədən keçmələri vacibdir. Qaraciyər müayinəsi 3 aydan bir, ultrasəs müayinəsi isə 6 aydan bir və ya ildə bir dəfə aparılmalıdır.
Yağlı qaraciyər (alkoqolik yağlı qaraciyər)
Alkoqol aludəcisi olan insanlarda ən çox aşkar edilən qaraciyər xəstəliyi yağlı qaraciyərdir (90%). Qaraciyər hüceyrələrində yağ yığılması alkoqoldan yaranan ilkin göstəricidir. Bu xəstələrin 90%-ə qədərində qaraciyərin böyüməsi müşahidə olunur.
Yüngül və orta yağlılığı olanlarda şikayət müşahidə olunmur. Ağır hallarda iştahsızlıq, ürəkbulanma, qusma, qarının yuxarı sağ hissəsində, yəni qabırğaların altında və ya göbəkdən yuxarı, göbək ətrafında ağrılar müşahidə oluna bilər.
Alkoqolla əlaqəli yağlı qaraciyər xəstəliyinin uzunmüddətli nəticəsi məlum deyil. Bu xəstələrdən neçəsində alkoqollu hepatit və ya sirrozun yaranacağını ehtimal etmək olmur. Qaraciyərin piylənməsi sirroza çevrilən xəstəlik kimi qəbul edilməməlidir. Çünki alkoqol qəbulu dayandırılarsa, piylənmə 4-6 həftə ərzində normallaşa bilər.
Bundan əlavə, yağlı qaraciyəri olanlar spirtli içki içməyə davam edərsə, onların təxminən 65% -ində sirrozun inkişaf etdiyi bildirilir. Yağlı qaraciyəri olan və alkoqoldan imtina edənlər uzun müddət sağlam yaşaya bilərlər.
Yağlı qaraciyəri olan xəstələr spirtli içki qəbul etməyə davam edərlərsə, orta hesabla 8-10 il ərzində sirroza keçirlər. Nəticədə alkoqoldan qaynaqlanan qaraciyər yağlanması “səssiz təhlükə” kimi qəbul edilməlidir. Bu halda alkoqoldan imtina etmək vacibdir.
Alkoqolik hepatit
Alkoqolik hepatit, sirrozdan əvvəlki xəstəlikdir. Ciddi xəstəliklər arasındadır və ölüm riski var. Uzun müddət spirtli içki qəbul edən xəstələrin təxminən 40%-də müşahidə olunur. Bu xəstəlik zamanı insanın heç bir şikayəti olmaya bilər. Bu, işin ən pis tərəfidir. Çünki insan xəstəliyindən xəbərsiz olur. Bəzi xəstələrdə gözlərin saralması, iştahsızlıq, ürəkbulanma, qusma, qarın ağrısı və arıqlama müşahidə edilir. Belə olan halda artıq xəstə səhhətindəki problemdən xəbərdar olur və həkimə müraciət edir.
Xəstənin müayinəsi zamanı qaraciyərin böyüməsi (80-100%) aşkar edilir. Qarın boşluğunda mayenin yığılması (assit), gözlərin saralması, qızdırma, dalaq böyüməsi və qaraciyər koması baş verə bilər.
Yüngül formalarda qaraciyər fermentlərində anormallıq müşahidə olunmur və ya bir qədər arta bilər. ALT bir qədər yüksəlmiş və ya normal ola bilər. AST tez-tez yüksəkdir. AST/ALT nisbəti 2-dən böyükdür.
Bilirubinlər, ALP, GGT dəyişkəndir və yüksək və ya normal ola bilər. Qanda ağ qan hüceyrələrinin (leykositlərin) artması müşahidə olunur.
Xəstəliyin nəticəsi qaraciyərin vəziyyətindən və alkoqol istifadəsinin davam edib-etməməsindən asılıdır. Alkoqol qəbulu dayandırılarsa, xəstəlik 8-24 həftə ərzində geriləyir və 6-12 ayda demək olar ki, normala qayıdır. Alkoqol qəbulu davam edərsə, 24-42 ay ərzində sirrozun irəlilədiyi bildirilir. Lakin alkoqoldan imtina nəticəsində sirrozun inkişaf etməyəcəyini deyə bilmərik.
Bəzi xəstələrdə qaraciyər funksiyaları sürətlə pisləşir, qaraciyər çatışmazlığı və ölüm baş verə bilər. Göründüyü kimi, spirtli içkilərin davamlı istifadəsi qaraciyəri zədələyir.
Alkoqola bağlı qaraciyər xəstəliyinin müalicəsi
Alkoqol qaraciyər xəstəliyinin müalicə üsullarını dörd başlıq altında qruplaşdırmaq olar.
- Alkoqoldan imtina
- Dəstəkləyici terapiya
- Dərman
- Qaraciyər transplantasiyası
Diaqnoz qoyulan pasiyent alkoqol qəbulunu dərhal dayandırılmalıdır. Xəstəliyin hansı mərhələdə olmasından asılı olmayaraq, alkoqolun dayandırılması xəstədə mütləq müsbət irəliləyişlərə səbəb olacaqdır.
Yağlı qaraciyəri olan xəstələrdə alkoqol istifadəsinin dayandırılması kifayətdir. Xəstələrin qidalanmasına və idmanına diqqət yetirmələri çox faydalıdır. Bundan əlavə, heç bir dərmana ehtiyac yoxdur.
Əhəmiyyətli şikayətləri (iştahsızlıq, ürəkbulanma, qusma, qarın ağrısı, sarılıq, qızdırma, qarında mayenin yığılması kimi) və qaraciyər testləri anormal olan xəstələrin xəstəxanaya yerləşdirilməsi və burada müalicəsi məqsədə uyğundur. Müalicə zamanı qidalanma proqramı tərtib olunmalıdır.
Bundan əlavə, kalium, maqnezium və sink kimi minerallarla birlikdə C, K, fol turşusu və B vitaminləri də verilə bilər. Alkoqol hepatiti olan xəstələrin əksəriyyətində yetərsiz qidalanma müşahidə olunur. Buna görə xəstələrə qida dəstəyi lazımdır. Ağızdan qidalanma kifayət deyilsə, venadaxili qida həlləri tətbiq oluna bilər. Alkoqoldan imtina etmək son dərəcə vacibdir. Kortizon müalicəsi bəzi xəstələrdə yaxşı nəticə verir.
Alkoqol vərdişi olan insanların təxminən 15%-də sirroz inkişaf edir. Bəzi xəstələrdə alkoqollu hepatitin yaranma prosesi gözləniləndən daha tez inkişaf edib sirroza çevrilə bilər. Digər tərəfdən, bəzi xəstələrdə alkoqollu hepatit səssizcə irəliləyir və daha sonra sirroz yaranır.
Xəstə uzun müddət alkoqol qəbulu edirsə, müayinədə qaraciyər böyməsi müşahidə olunursa və alkoqolizmlə əlaqəli simptomlar varsa, qaraciyər xəstəliyinin səbəbi çox güman ki, elə alkoqoldur. Xəstələrdə iştahsızlıq, səhər bulanması və gəyirmə, ishal, qızdırma, sağ üst kvadrantda qeyri-müəyyən ağrı və həssaslıq, ikitərəfli parotid vəzilərin böyüməsi, kişilərdə hər iki döşün böyüməsi, testis atrofiyası, sonsuzluq, əzələ kütləsinin azalması, yaddaş itkisi və konsentrasiya, yuxusuzluq, narahatlıq, əllərdə titrəmə tez-tez rast gəlinir.
Müayinə ilə göz saralması, qaraciyər və dalağın böyüməsi, qarın boşluğunda mayenin yığılması aşkar edilə bilər. Mədə qanaxması baş verə bilər. Özofagusun varikoz damarlarından, mədə və onikibarmaq bağırsaq xoralarından qanaxma baş verə bilər.
Alkoqolla əlaqəli sirroz digər sirroz növlərindən daha yaxşıdır. Ömür müddəti alkoqoldan imtina vaxtı ilə paraleldir. Xəstəliyin erkən mərhələsində alkoqol qəbulunun dayandırılması xəstəliyin gedişatını zəiflədir. Alkoqol sirrozunda orta ömür müddəti 50 aydır və 4 illik sağ qalma nisbəti təxminən 50% təşkil edir. 5 illik ömür müddəti yağlı qaraciyərdə 70%, alkoqollu hepatitdə 60%, sirrozda isə 50%-dir.