Hepatit D (HDV və ya Delta Virusu olaraq da bilinir) Hepatit D virusunun səbəb olduğu qaraciyər iltihabıdır. Bu, viral hepatitlərin ən ağır forması hesab olunur, çünki xəstəliyin sürətlə irəliləməsinə, qaraciyər sirrozu və qaraciyər xərçənginə səbəb olma ehtimalı yüksəkdir.
Bir şəxsdə hepatit D xəstəliyinin inkişaf etməsi üçün həmin şəxsin artıq hepatit B xəstəsi və ya daşıyıcısı olması lazımdır. Yəni, Hepatit B xəstəsi deyilsinizsə, delta hepatitinə yoluxa bilməzsiniz.
Hepatit D xəstəliyi necə yoluxur?
Hepatit D virusu (HDV) eynilə hepatit B və hepatit C kimi qan və bədən mayeləri ilə yoluxur. Qorunmasız cinsi əlaqə, şübhəli cinsi təmas, tatuaj, manikür, pedikür, pirsinq (bədənin deşilməsi), təmiz olmayan alətlərlə edilən diş və cərrahi müdaxilələr kimi yollarla yoluxur.
Anadan körpəyə keçiş ola bilər. Delta hepatitinin inkubasiya dövrü 15-45 gün arasında dəyişir. Təxminən hepatit B xəstələrinin 5%-də hepatit D var.
Hepatit D xəstəliyi hepatit B xəstəliyinə necə təsir edir?
Delta infeksiyası hepatit B xəstəliyinin gedişatını sürətləndirir və mənfi təsir göstərir. Hepatit D virusunun çoxalmaq üçün hepatit B virusuna ehtiyacı olduğundan, birlikdə qaraciyər çatışmazlığına, siroza və qaraciyər xərçənginə doğru gedişatı sürətləndirirlər. Hepatit B xəstələrində sirroz riskini 2-3 dəfə artırır.
Hepatit D xəstəliyinin əlamətləri nələrdir?
Xəstəlik sarılıq, sidiyin tündləşməsi, qaraciyər fermentlərinin yüksəlməsi, halsızlıq şikayətləri ilə kəskin hepatit kimi və ya xroniki hepatitin kəskinləşməsi şəklində ortaya çıxır.
Hepatit B xəstəsi olduğu bilinən bir xəstədə qəfil ortaya çıxan sarılıq, qaraciyər göstəricilərində pisləşmə, xəstəliyin sürətlə pisləşməsi hepatit D-ni düşündürür.
Hepatit D diaqnozu necə qoyulur?
Hepatit D-dən şübhələnilən xəstələrdə anti-Delta anticisimləri yoxlanılır (anti-hdv). Anti-HDV pozitivliyi hepatit D diaqnozu qoymağa əsas verir.
Erkən mərhələdə anticisim neqativ ola bilər, bu halda HDV RNT PZR (HDV RNA PCR) yoxlanılmalıdır. HDV RNT PZR ilk pozitiv nəticə verən testdir və erkən mərhələdə pozitiv olaraq xəstəliyi göstərir.
Hepatit D xəstəliyinin müalicəsi varmı?
Bəli. Hepatit D xəstəliyinin müalicəsində interferon və antiviral dərmanlar istifadə olunur. Müalicəyə mümkün qədər tez başlanmalıdır. Müalicədən sonra xəstələrin təxminən yarısında görülən residiv (təkrarlanma) vacib bir problemdir.
Hepatit D xəstəliyi sirroza və ya qaraciyər xərçənginə səbəb olurmu?
Bəli. Hepatit D-si olan hepatit B xəstələrinin 70%-i sirozla nəticələnir və bu xəstələrin təxminən 15%-də siroz ilk 1-2 ildə ortaya çıxır. Hepatit D xəstələrində qaraciyər xərçəngi riski də yüksəkdir.
Hepatit D xəstəliyindən qorunmaq üçün nə edilməlidir?
Hepatit D-dən qorunmağın ən vacib yolu hepatit B-dən qorunmaqdır. Əgər Hepatit B xəstəsisinizsə, qan və bədən ifrazatlarından özünüzü qorumalısınız. Hepatit D eynilə hepatit B və C kimi qan və bədən ifrazatları ilə yoluxur.
- Qorunmaq üçün qorunmasız cinsi əlaqədə olmamaq, kondom (prezervativ) istifadə etmək,
- Tatuaj, pirsinq kimi prosedurları müvafiq gigiyenik şəraitdə etdirmək,
- Manikür, pedikür kimi prosedurlar üçün öz əşyalarınızdan istifadə etmək,
- Sterilizasiyasına əmin olmadığınız yerlərdə diş və cərrahi müdaxilələr etdirməmək lazımdır.
Hepatit D haqqında tez-tez verilən suallar
Hepatit D virusunun digər hepatit viruslarından fərqi nədir?
Hepatit D “natamam” və ya “defektiv” virus adlanır. Onun çoxalması (replikasiyası) üçün mütləq şəkildə Hepatit B virusuna (HBV) ehtiyacı var. Bu o deməkdir ki, bir şəxs yalnız Hepatit B virusuna da yoluxmuşsa (və ya eyni anda yoluxursa) Hepatit D-yə yoluxa bilər. Hepatit B olmadan Hepatit D infeksiyası mövcud ola bilməz.
Hepatit D necə yoluxur?
Hepatit D, eynilə Hepatit B kimi, yoluxmuş şəxsin qanı və ya digər bədən mayeləri ilə təmas yolu ilə ötürülür. Əsas yoluxma yolları bunlardır:
- Qan və qan məhsulları: İnyeksiya üçün iynələrin (xüsusilə narkotik istifadəçiləri arasında) paylaşılması, sterilizə edilməmiş tibbi və ya stomatoloji alətlər, qan köçürmə (hazırda donor qanının yoxlanılması sayəsində bu risk çox azalıb).
- Cinsi əlaqə: Qorunmayan cinsi əlaqə yolu ilə.
- Digər yollar: Steril olmayan alətlərlə tatuaj və ya pirsinq etdirmək, yoluxmuş şəxsin ülgüc, diş fırçası kimi şəxsi əşyalarını paylaşmaq.
- Anadan uşağa: Doğuş zamanı anadan körpəyə keçmə halları nadirdir, lakin mümkündür.
Vacib Xəbərdarlıq: Bu məqalə yalnız məlumatlandırma məqsədi daşıyır və peşəkar tibbi məsləhəti, diaqnozu və ya müalicəni əvəz etmir.
